Ölkədə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunması məqsədi ilə xüsusi bir proqram olan “Məktəbli könüllü” fəaliyyətə başlayır!
“Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəb şagirdləri arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyətləri və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edəcək gənc nəslin formalaşdırılması məqsədi ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün “Məktəbli könüllü” proqramına qəbul elan edir.
Proqrama qoşulan məktəb şagirdləri nə əldə edəcək?
- Məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;
- Ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, yaşıl aksiyalarının təşkili - ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resursların səmərəli istifadə olunmasının şagirdlərə aşılanması;
- Məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və bu klublara məktəblilərin özlərinin rəhbərlik etmələri;
- Məktəblilər üçün onların şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkil edilməsi;
- Məktəbdaxili müxtəlif mövzuları əhatə edəcək intellektual və sosial tipli müsabiqə və yarışların təşkili;
- Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaradaraq şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili;